İMİŞLİ HAQQINDA
İmişli rayonunun ərazisi Kür-Araz ovalığında Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisini ortadan kəsib keçir. Arazın sağ sahili Muğan düzünə, Arazın sol sahili isə Mil düzünə aiddir.
İmişli rayonu ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır.
İmişli ərazisinin Muğandakı sahəsini Muğanın İrandakı sahəsindən dövlət sərhədi ayırır. İmişli rayonu ərazisi düzən yerlər olduğuna görə keçmiş sərkərdələr, hökmdarlar bu yerlərdə müvəqqəti qalmaq üçün istifadə etmişlər.
Bu yerlər qədim Manna, Urartu, Midiya, Makedoniyalı İsgəndərin, İran Əhmənilər şahlarının, Ərəblərin, Səlçuqların, Monqolların, Əmir Teymurun, Nadir şahın, Qacarın, rusların və onlarla fatehlərin, sərkərdələrin hücumlarına şahid olmuşlar.
Monqolların Azərbaycana birinci yürüşü zamanı 1220-1221-ci illərdə onlar Muğanda qışlamışlar. Muxor və s. təpələr də çox yəqin ki, o illərin yadigarıdır.
İndiki İmişli ərazisində keçmişdə tikilən qalaların, karvansaraların, şəhər qalıqlarının izləri qalmamışdır.
Rayon ərazisində XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr var. Lakin həmin yerlərdə arxeoloji qazıntılar aparılmamışdır, odur ki həmin abidələr barəsində ətraflı məlumatımız yoxdur.
1930-cu ilin avqust ayında Qaradonlu kəndi mərkəz olmaqla Qaradonlu rayonu adlandırılmışdır. Rayon mərkəzi olana kimi Qaradonlu “uyezd” idi və o əvvəllər Salyan qəzasına, Cavad qəzasına tabe olmuşdur.
1938-ci ilin avqust ayında rayon mərkəzi Bakı-Nardaran dəmir yolunun Qaradonlu stansiyası yaxınlığında İmişli kəndinə köçürülmüşdür. Həmin vaxtdan da rayon İmişli adlanır.
İmişli kəndi Qaradonlu stansiyasına ən yaxın və kiçik bir kənd olmuşdur. Kəndin adının əmələ gəlməsi, mənası hələ aydınlaşmamışdır. ”Yemişli”, ”Gümüşlü”, “İbişli və ya İmiş” adları ilə bağlılıq da fərziyyə olaraq qalır.
İmişli rayonu ərazisində ilk məktəb 1906-cı ildə Qaradonlu ərazisində açılmışdır. Qaradonlu orta məktəbinin hazırkı binası isə 1922-23-cü illərdə tikilmişdir.
Rayon ərazisində ilk tibb ocağı 1913-cü ildə Çaxırlı kəndində baş vermiş vəba ilə əlaqədar olaraq elə həmin il Qaradonluda tikilmiş Tauna qarşı mübarizə stansiyası idi.
Yeni rayon mərkəzi olan İmişlidə ilk inzibati bina –“Qırmızı bina” -1937-1938-ci illərdə tikilmişdir.
1906-cı ildə Çarın fərmanına əsasən Rusiyanı baş naziri Stolpinin aqrar islahatları nəticəsində Qaradonlu ”Muğanstroy” qəsəbəsi tikilmiş, Muğanda geniş suvarma şəbəkəsi qurumu və Rusiyadan Azərbaycana köçürülən əhalinin hesabına İranla sərhəd zonalarda yeni kəndlər salınmışdır.
1951-1955-ci ildə tikilib istifadəyə verilmiş nəhəng Bəhrəmtəpə hidroqovşağı Milin və Muğanın suvarma sahəsindəki problemləri qismən aradan qaldırdı və kənd təsərrüfatı məhsullarının surətli inkişafına səbəb oldu.
İmişli rayonunda hazırda 127,7 min nəfər əhali yaşayır. Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20% -ini işğal etmişlər ) məcburi çıxarılmış 35 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayırlar.
Rayon əhalisinin 36 min nəfəri İmişli şəhərində, 4,5 min nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır.
Rayonda 93 min hektar əkinə yararlı torpaq sahəsi vardır. Bunun da 62 min hektarı otlaq sahəsidir.
Suvarılan torpaq sahəsi 31 min hektardır ki, onun da 29 min hektarı şum altındadır.
Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsi vardır.
Rayonda 49 bələdiyyə fəaliyyət göstərir. İmişli şəhər, Bəhrəmtəpə qəsəbə və 47 kənd bələdiyyəsi 451 nəfər bələdiyyə üzvünü özündə birləşdirir.
İmişli rayonunun mərkəzi İmişli şəhəridir. Əvvəllər kiçik bir kənd olan İmişli rayon mərkəzi olandan sonra sürətlə inkişaf etməyə başladı. O 1944-cü ildə şəhər tipli qəsəbə, 1960-cı ildə şəhər statusu aldı.
İmişli şəhəri Araz çayının sol sahilində Mil düzündədir. Azərbaycanın paytaxtı Bakı şəhərindən 206 km məsafədə yerləşir. Bakı-Naxçıvan dəmir yolu üzərindədir.
İmişli şəhərindən keçən, Azərbaycan dəmir yolundan Ələt-Mincivan hissəsi 1936-cı ildə istifadəyə verilmişdir.
İmişli şəhərinin sürətlə böyüməsindən və abadlaşmasında dəmiryolçular qəsəbəsinin salınması və burada onlara sosial , inzibati və mədəni obyektlərin tikilib istifadəyə verilməsi böyük rol oynadı.
İmişli xeyriyyəçiləri də rayonda aparılan tikinti və abadlıq işlərində fəal iştirak edirlər.
Hazırda rayonda şəkər zavodunda tikinti sürətlə gedir. İmişlidə 600 yerlik mədəniyyət sarayı, 100 min kitab tutumu olan mərkəzi kitabxana, tarix-diyarşünaslıq muzeyi, şahmat məktəbi, Vəliyyül-əsr məscidi, bazar, yüzlərlə fərdi, sosial və inzibati binalar, parklar, xiyabanlar, Böyük Vətən Müharibəsi, 20 Yanvar, 31 Mart qurbanlarının xatirəsinə ucaldılan abidələr bu gün imişlililərin ən çox sevdikləri və ehtiram göstərdikləri yerlərdəndir.
Bakı — İmişli -215 km
Yaranma tarixi -18 Aprel 1960-cı il
Ərazi vahidləri-Şəhər — 1; Qəsəbə — 2; Kənd — 48
İnzibati mərkəzi İmişli şəhəri
Kəndləri- Bəhrəmtəpə qəsəbəsi, Aranlı, Hacırüstəmli, Qızılkənd, Qaradonlu, Çaharlı, Gövhərli, Məzrəli, Xubyarlı, Soltanmuradlı, Qaralar, Muradallar, Otuziki, Nurulu, Qulubəyli, Xəlfəli, Kürdmahmudlu, Murğuzallı, Xoşçobanlı, Qaraqaşlı, Mürsəlli, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili, Cavadxanlı, Rəsullu, Yalavac, Məhəmmədli, Göbəktala, Şahverdili, Qaragüvəndikli, Sarıxanlı, Əliqulular, Muradxanlı, Cəfərli, Boşçallar, Ağaməmmədli, Ağamallar, Oruclu, Hacımustafalı, Məmmədli, Əlyetməzli, Telişli, Allahmədətli, Ağaməmmədli.

