“AŞİB AQRO”MMC-NIN ŞƏKƏR ÇUĞUNDURU ƏKİNÇİLƏRİ İLƏ İSTEHSAL ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR
09.07.2008
Şəkər çuğundurunun keyfiyyət göstəricilərində mineral gübrələrin miqdarı və verilməsi zamanı ilə birbaşa əlaqəsi olduğundan, bu məsələ mütəxəssislərimizin daima diqqət mərkəzində saxlanılır.
2008-ci il təsərrüfat ilində “AŞİB AQRO” MMC-nin əhatə etdiyi rayonlar üzrə 6000 hektara yaxın sahədə şəkər çuğunduru əkilmiş, 2500 nəfər torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanılmışdır. Əkin sahələrində bütün aqrotexniki tədbirlərin ən əlverişli müddətdə və yüksək keyfiyyətlə aparılması bol məhsulun əsasını qoymuşdur.
Azərbaycanın əkin dövriyyəsində ən “gənc” ərzaq bitkisi olan şəkər çuğunduru əkinçiliyinə torpaq mülkiyyətçilərimiz çox böyük maraq göstərirlər. “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti, çox hörmətli Abdolbari Goozal bəyin bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində əkinçilərə “AŞİB AQRO” MMC tərəfindən hərtərəfli maddi-texniki dəstək verilmiş, onların aqronomik cəhətdən maarifləndirilməsi istiqamətində mütəxəssislərimiz tərəfindən yerlərdə tövsiyə xarakterli elmi-praktik işlər aparılır. Son iki il ərzində şəkər çuğunduru əkinlərində aqrotexniki işlərin intensiv texnologiyalar əsasında aparılmasını təmin etmək məqsədilə “AŞİB AQRO” MMC-nin texniki parkına 2 milyon manatdan çox pul xərclənərək yüksək texniki göstəricilərə malik olan kənd təsərrüfatı maşın və aqreqatları alınmışdır. Bu maşın və aqreqatların çox hissəsi Azərbaycanın əkinçilik sistemində ilk dəfə olaraq istifadə edilir.
Eyni zamanda şəkər çuğunduru əkinlərində elmi əsaslara söykənən qida rejimini təmin etmək üçün müxtəlif çeşidli 3800 tona yaxın mineral gübrələr alınaraq əkin sahələrinə verilmişdir. Şəkər çuğundurunun keyfiyyət göstəricilərində mineral gübrələrin miqdarı və verilməsi zamanı ilə birbaşa əlaqəsi olduğundan, bu məsələ mütəxəssislərimizin daima diqqət mərkəzində saxlanılır.
Əkinçilikdə yüksək və keyfiyyətli məhsul almaq üçün xəstəlik və ziyanvericilərə davamlı, bölgənin torpaq-iqlim şəraitinə uyğun yüksək növlü toxumlardan istifadə olunması əsas şərtlərdəndir. Bu məqsədlə dünyanın ən aparıcı seleksiya-toxumçuluq mərkəzlərindən biri hesab olunan Almaniyanın KVS, İsveçin Ses Vanderhovis və Hollandiyanın Singenta şirkətləri ilə işgüzar əlaqələr qurulmuşdur. Həmin şirkətlərin aparıcı mütəxəssisləri mütəmadi olaraq İmişli Şəkər zavodunda olur, bölgə nümayəndələri və mülkiyyətçilərimizə seminarlar keçirir, sahələrdə fenoloji müşahidələr apararaq elmi-metodik tövsiyələr verirlər. Təsərrüfat ilində doqquz çeşiddə toxumdan istifadə olunmuşdur. Bu da əkilmiş növlərin müqayisəli təhlilinin aparılmasına və daha üstün növlərin bölgələr üzrə dəqiq müəyyənləşdirilməsinə imkan verir. Əkin sahələrimizin əsas hissəsi son dərəcə mürəkkəb iqlim şəraitinə malik Kür-Araz ovalığına daxil olan rayonlarda yerləşir. Ona görə də, əkin sxeminin düzgün və münasib tətbiqi vacib şərtlərdəndir.
Cari ildə havaların dəyişkən və yağmurlu keçməsi şəkər çuğunduru əkinlərində ən qorxulu xəstəliklərdən biri hesab olunan “selxozspora” və “unlu şeh” xəstəliklərinin aktivləşməsi üçün münbit şərait yaratmışdır. Sahələrdə xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə bütün imkanlar səfərbər olunmuş və aktiv kimyəvi mübarizə tədbirlərinə başlanılmışdır. Bu məqsədlə dünyanın aparıcı pestisid firmalarından alınmış skor, alto-super, kemdazin və s. kimyəvi dərmanlarından istifadə olunur. Eyni zamanda bu il şəkər çuğunduru əkinlərində alaq otlarına qarşı kimyəvi mübarizə məqsədilə çeşidli herbisidlərdən də istifadə olunur. Bu da yaxın gələcəkdə şəkər çuğunduru əkinçiliyində məhsulun maya dəyərində xüsusi çəkiyə malik olan əl əməyinin xeyli azalmasına şərait yaradacaqdır.
Bu il Ağcabədi, Beyləqan, İmişli rayonlarında bol məhsul istehsalı gözlənilir. Yaradılmış münbit şərait torpaq mülkiyyətçilərinə şəkər çuğunduru əkinlərində tələb olunan aqrotexniki tədbirlərin ən münasib müddətlərdə və keyfiyyətlə həyata keçirilməsinə imkan verir. Eyni zamanda Azərbaycan Sənaye Bankının torpaq mülkiyyətçilərinə açdığı güzəştli kredit xətti və onlara göstərdiyi maliyyə dəstəyi də, bol məhsul əldə edilməsinə böyük şərait yaratmışdır.
Respublikamızın Kür-Araz ovalığında 2005-ci ildən etibarən sənaye istehsalı əsasında şəkər çuğunduru yetişdirilməsinə başlanılmışdır. İstehsal illəri üzrə aparılan müqayisəli təhlillərə əsaslanaraq, bu sahənin dinamik surətdə inkişaf etdiyini söyləyə bilərik. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, şəkər çuğunduru əkinçiləri ilə “AŞİB AQRO” MMC arasında yaranmış səmimi əlaqələr, yaxın gələcəkdə ölkənin əkin dövriyyəsində şəkər çuğundurunun xüsusi çəkisinin xeyli artmasına və torpaq mülkiyyətçilərinin maddi gəlirlərinin formalaşmasında müstəsna rol oynayacağına böyük ümidlər yaradır.
| Əvvəlki | Sonrakı |

