İMİŞLİ ŞƏKƏR ZAVODUNDA «TƏHLÜKƏSİZ ƏMƏK HƏR İNSANIN HÜQUQUDUR» MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

14.04.2009


28 Aprel-Beynəlxalq Əməyin mühafizəsi günüdür. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinin mütəxəssis heyəti Tahir Musayevin rəhbərliyi altında 14 №-li Bölgə üzrə İmişli rayon əmək müfəttişliyinin rəisi Mürşüd Abduləzimov və müfəttişliyin əməkdaşlarının iştirakı ilə aprel ayının 14-də “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-də «Təhlükəsiz əmək hər insanın hüququdur» mövzusunda tədbir keçirilmişdir.

Tədbirdən əvvəl zavodun Paketləmə, Sentrifuqa, Bişirim və İstilik Elektrik Mərkəzində olmuş tədbir iştirakçıları bu sahələrə baxış keçirən zaman işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsinə yüksək qiymət vermişlər. Bişirim sahəsinə baxış zamanı Kadrlar və Tədris şöbəsinin müdiri Eldəniz Quliyev onlara müəyyən açıqlamalar vermiş, “Azərsun Holdinq”də Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsi yaradıldığını və bu istiqamətdə illik tədris proqramlarının hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Qeyd etdiyimiz tədbirin keçirilməsində əsas məqsəd əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, texniki təhlükəsizlik, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, əməyin gigiyenası, sanitariya tələblərinin həyata keçirilməsi, işçilərin iş yerində bədbəxt hadisələrdən sığortalanması və s. digər məsələlər olmuşdur. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin şöbə müdiri Tahir Musayevin məruzəsi dinlənilmişdir. Mövzu ətrafı müzakirələrdə “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kadrlar və Tədris şöbəsinin müdiri Eldəniz Quliyev də çıxış etmiş və fabrikdə əməyin mühafizəsi məsələlərinə necə riayət edilməsi ilə bağlı açıqlamalar vermişdir. Belə ki, o, texniki təhlükəsizlik qaydaları ilə vaxtlı-vaxtında təlimatlandırılan fabrik işçilərinin bu qaydalara çox ciddi şəkildə riayət etmələrindən bəhs etmiş, eyni zamanda işçilərin təlimatları daha dərindən mənimsəməsi üçün bu sistemin təkmilləşdirilməsinə diqqətin daha da artırılmasını vurğulamışdır.

 

Əvvəlki Sonrakı
az | en | ru | tr